Gürcüstan hökuməti “Qara dənizin sualtı elektrik xətti layihəsi” ilə bağlı məsələni müzakirə edib
Tbilisi, 9 yanvar, AZƏRTAC
Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib.
Gürcüstan hökumət dəftərxanasından AZƏRTAC-a bildirilib ki, iclasda 5 məsələni müzakirə ediblər.
Bu məsələlər arasında Gürcüstan hökumətinin “Qara dənizin sualtı elektrik xətti layihəsi”nin texniki-iqtisadi tədqiqinin həyata keçirilməsi üçün vəsaitin cəlb edilməsi ilə bağlı məsələ də olub.
Bildirilib ki, Qara dənizdə yüksək gərginlikli sualtı elektrik ötürücü xətti vasitəsilə Qafqaz regionu ilə Avropanın enerji əlaqəsini nəzərdə tutan layihə üzərində işlərə başlanılıb. Qara dənizin dibindən keçən elektrik ötürücü xətti Gürcüstan və Rumıniyanın enerji sistemlərini birləşdirəcək.
Artıq texniki araşdırmalar aparılıb, bunun üçün 2,5 milyon avro məbləğində maliyyə vəsaiti ayrılıb və bu işlərin əsas hissəsi bu il başa çatdırılacaq. Eyni zamanda, qeyd olunub ki, Gürcüstan hökumətinin qərarına əsasən, Maliyyə Nazirliyi “Qara Dəniz Sualtı Elektrik Xətti Layihəsi”nin texniki-iqtisadi tədqiqatının aparılması məqsədilə Dünya Bankına müraciət edib.
Məlumata görə, 75 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi ilə bağlı bankla ilkin razılıq əldə olunub.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi