GÜRCÜSTAN PARLAMENTİ RUSİYA SÜLHMƏRAMLILARI İLƏ BAĞLI İKİNİCİ QƏRAR QƏBUL ETMİŞDİR
Parlamentin iclasında iştirak edən 180 deputat qərarın lehinə səs vermişdir. Beş bənddən ibarət olan sənəddə bölgədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən Rusiya sülhməramlılarının mandatının dəyişdirilməsi, bölgədən çıxarılması, onların başqa sülhməramlılarla əvəz edilməsi istiqamətində görüləcək işlər əksini tapmışdır.
Gürcüstan parlamentinin sədri Nino Burcanadze iclasdan sonra keçirilən brifinqdə demişdir: “Sülhməramlılar münaqişə zonasında hazırda olduqları formatda qala bilməyəcəklər. Gürcüstan hökuməti münaqişə zonasında Rusiyanın sülhməramlılarını bitərəf sülhməramlı kontingentlə dəyişdirilməsi üçün fəal cəhdlər göstərir”. Onun sözlərinə görə, parlamentin qərarında Rusiya sülhməramlılarının çıxarılmasının konkret müddətləri göstərilməmişdir.
Parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Givi Tarqamadze bildirmişdir ki, parlament ölkənin Rusiya silahlı qüvvələrindən azad edilməsi yönümündə daha bir addım atmışdır. Komitə sədri bölgədə Rusiya sülhməramlılarını hansı ölkələrin sülhməramlılarının əvəz edəcəyini deməmişdir.
Qeyri-rəsmi məlumata görə, Gürcüstan rəsmiləri bu işi ukraynalı hərbçilərə etibar edirlər.
Münaqişələrin tənzimlənməsi məsələləri üzrə Dövlət naziri Georgi Xaindrava Rusiya XİN-in dəvəti ilə fevralın 16-da Moskvaya ikigünlük səfərə getmişdir. Nazir Rusiya rəsmiləri ilə görüşüb münaqişə bölgələrində Rusiya sülhməramlılarının fəaliyyəti, Gürcüstan-Rusiya münasibətlərini müzakirə etmişdir.