Gürcüstana birləşəcəkləri halda Abxaziya ikinci Monako, Tsixinvali isə Monte Karlo ola bilər
Tbilisi, 27 dekabr, AZƏRTAC
Gürcüstan hökuməti işğal altında olan Abxaziya və Samaçablo (Tsixinvali) bölgəsinə 10 milyard ABŞ dolları maliyyə ayırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 27-də hökumətin illik hesabatını təqdim edərkən məlumat verib.
Onun sözlərinə görə, Abxaziya və Tsixinvali Gürcüstana yenidən birləşsə, hökumət bu bölgələrə 10 milyard dollar həcmində sərmayə yönəldəcək.
“Mən abxaz və osetin qardaş və bacılarımızla əldən verilmiş imkanlar barədə danışmaq istəyirəm”, - deyə Qaribaşvili bildirib.
Baş nazir deyib: “Bizim siyasətimiz sülhpərvərdir, biz yaraları sağaltmaq istəyirik. Mən isə deyirəm ki, ölkəmiz vahid olsa, ilk üç ildə Abxaziyaya, eləcə də Samaçabloya (Sxinvali bölgəsi) təxminən 10 milyard sərmayə yatıra bilərik. Abxaziya ikinci Monako, Suxumi isə ikinci Monte Karlo olacaq”.
Onun sözlərinə görə, hakimiyyətin əsas prioriteti işğal olunmuş rayonlara münasibətdə sülhsevər siyasətin davam etdirilməsi və barışıq proqramlarının həyata keçirilməsidir.
Qaribaşvili deyib: “Məqsədimiz münaqişədən zərər çəkmiş əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, əməkdaşlığı inkişaf etdirmək və etimad mühitini yaratmaqla süni şəkildə parçalanmış cəmiyyətləri barışdırmaqdır”.
O, nümunə kimi ötən il işğal olunmuş ərazilərdən 230 tələbənin Gürcüstanın ali məktəblərinə qəbul olunmasını, 1300-dən çox insanın tibbi yardım almasını göstərib.
“Bu faydalar gələcəkdə də davam edəcək. Bizim siyasətimizə yenidən baxılmayacaq, biz, sadəcə olaraq, münaqişəni sülh yolu ilə həll etmək, o dəhşətli faciənin nəticələrini aradan qaldırmaq istəyirik. Məqsədimiz budur ki, hamımız vahid, güclü, avropalı Gürcüstanda birlikdə yaşayaq”, - deyə hökumət başçısı vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi