Gürcüstanda azərbaycanlı jurnalistlər mükafatlandırılıb
Tbilisi, 3 fevral, AZƏRTAC
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrini mükafatlandırıb.
Mükafata layiq görülən jurnalistlər sırasında AZƏRTAC-ın Gürcüstan müxbiri də var.
AZƏRTAC xəbər verir ki, GAİM-in icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri Rafiq Hümbətov Azərbaycan ilə Gürcüstan arasındakı tarixi dostluq və mehriban qonşuluq siyasətindən danışıb, iki ölkə arasında əlaqələrin inkişafında mətbuatın rolunu xüsusi qeyd edib.
Bildirib ki, istər yerli Azərbaycan dilli informasiya portalları, istərsə də Azərbaycanda fəaliyyət göstərən televiziya və informasiya agentliklərinin Gürcüstandakı nümayəndələri dostluq əlaqələrinin daha da möhkəmlənməsində çox böyük işlər görüblər.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması istiqamətindəki mübarizəsi və 44 günlük Vətən müharibəsi dövründə mətbuat informasiya müharibəsində də mühüm rol oynayıb. Azərbaycanın haqlı mövqeyi və ədalətli mübarizəsi barədə əsl həqiqətləri məhz bu KİV-lər - AZƏRTAC, AzTv, “report.az”, “interpress.ge”, “24news.ge”, “report.ge”, “aktual.ge”, “gaxa.ge”, “dalgatv.ge”, “marneulifm.ge”, eləcə də yerli televiziyalarda çalışan azərbaycanlı jurnalistlər tərəfindən gürcü və dünya ictimaiyyətinə çatdırılıb.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Tamerlan Tağıyev Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərin inkişafından və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb.
Bildirib ki, mətbuatın Azərbaycan Prezidentinin və Gürcüstan hakimiyyətinin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi istiqamətindəki siyasi kursu düzgün yerinə yetirməsi bu gün öz bəhrəsini verir.
T.Tağıyev Azərbaycanın Gürcüstandakı səfiri adından jurnalistləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Sonra bir qrup jurnalistə GAİM adından Təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi