GÜRCÜSTANIN DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT NAZİRİ YULON QOQOŞİDZE AZƏRBAYCANA SƏFƏRƏ GƏLƏCƏKDİR
Bakı, 2 mart (AZƏRTAC). Gürcüstanın Diasporla İş üzrə Dövlət naziri Yulon Qoqoşidze Azərbaycan Respublikası Diaspor ilə İş üzrə Dövlət Komitəsinin rəhbərinin dəvəti ilə martın 4-dən 7-dək ölkəmizdə səfərdə olacaqdır.
Səfər çərçivəsində gürcüstanlı nazir Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, bir sıra görüşlər keçirəcəkdir.
Y.Qoqoşidzenin Mədəniyyət və Turizm, Təhsil nazirliklərində, Gürcüstanın Azərbaycandakı səfirliyində ölkəmizdəki gürcü diasporunun təmsilçiləri, Saatlı rayonunda məskunlaşmış Ahıska türklərinin nümayəndələri, eləcə də Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin üzvləri ilə görüşləri də nəzərdə tutulmuşdur.
Bundan başqa, Y.Qoqoşidzenin Qax, Zaqatala və Balakən rayonlarına səfəri, bu bölgələrdə yerli dövlət orqanlarının və gürcü diasporunun üzvləri ilə görüşləri də planlaşdırılmışdır.