Gürcüstanın Newsday.ge portalında AZƏRTAC-ın müxbirinin məqaləsi dərc olunub
Tbilisi, 25 sentyabr, AZƏRTAC
Gürcüstanın nüfuzlu Newsday.ge portalında AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun “Ermənistanın düşdüyü ağır vəziyyətdən çıxış yolu yalnız Azərbaycan ilə münasibətlərin normallaşmasından asılıdır” sərlövhəli məqaləsi dərc olunub (https://newsday.ge/?m=31&cat_id=130&news_id=45920&lng=geo).
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan ilə müharibəni biabırçı şəkildə uduzan Ermənistanın özünü çıxışı olmayan dalana saldığı deyilir. Bildirilir ki, bir tərəfdən də Rusiya ilə münasibətləri gərginləşən Ermənistan rəhbərliyi hesab edir ki, nicat yolu ABŞ və Qərbdədir. Ona görə də vəziyyətdən çıxmaq üçün Qərbin və ABŞ-ın köməyinə ümid edir. Amma başa düşmür ki, vəziyyətdən çıxış yolu yalnız Azərbaycan ilə münasibətlərin normallaşmasından asılıdır.
Məqalədə qeyd olunur ki, ABŞ və Qərb Ermənistana siyasi, iqtisadi və xüsusən hərbi dəstək verməklə bu ölkədə revanşizmin güclənməsinə zəmin yaradır. ABŞ regionda real sülh istəyirsə, birtərəfli qaydada Ermənistana dəstəyi dayandırmalıdır. ABŞ Azərbaycanın minalardan ən çox çirklənmiş ölkələrdən biri olduğunu nəzərə alaraq işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə real dəstək verməlidir. Görünən isə odur ki, bütün bunlar, eləcə də azərbaycanlıların didərgin salındıqları torpaqlara - Qarabağa qayıtmaq hüquqları ABŞ-ı o qədər də narahat etmir.
Müəllif qeyd edir ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanana qədər Ermənistana edilən yardımlar şəffaf olmalı, silahlandırmaya son qoyulmalıdır. Məhz sülh müqaviləsinin imzalanması və bu şərtlərin yerinə yetirilməsi ilə regionda uzunmüddətli sabitliyə və inkişafa nail olmaq olar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi