Hacıqabulda “Mədəniyyətimizin beşiyi - Şuşa” adlı tədbirdə şagirdlər mükafatlandırılıb
Hacıqabul, 3 may, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabulda “Şuşa İli” çərçivəsində Hacıqabul rayon mədəniyyət müəssisələrinin “Tədbirlər planı”na əsasən Şuşa şəhərinin qədim tarixinə, mədəniyyətinə və incəsənətinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti tədbir Meyniman kənd tam orta məktəbinin və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Meyniman kənd folklor evində keçirilən tədbirdə Hacıqabul rayon MKS-nin direktoru Dövran Həsənov, Mədəniyyət Mərkəzinin direktor əvəzi Fərqanə Cavadova, şəhid anaları, yaxın ərazidə yerləşən digər mədəniyyət müəssisələrinin heyəti iştirak edib.
Tədbirdə Meyniman kənd folklor evinin işçisi şəhid Mehdi Şıxaliyevin anası Şəlalə Şıxaliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Tədbirin sonunda MKS-nin direktoru Dövran Həsənov “Şuşa İli” ilə bağlı mədəniyyət ocaqlarında təşkil edilən silsilə tədbirlərin mahiyyəti haqqında məlumat verib. Tədbir məktəblilərin ifasında vətənpərvərlik ruhunda hazırlanan proqramla davam etdirilib. Sonda kənd məktəbinin bir qrup şagirdləri fəxri fərmanlarla təltif olunub.