“Hakim və vəkil, prosessual və qeyri-prosessual münasibətlər” mövzusunda onlayn dəyirmi masa keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Hakim və vəkil, prosessual və qeyri-prosessual münasibətlər” mövzusunda videokonfrans formatında dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən bildiriblər.
Ali Məhkəmənin sədr müavini, Vəkillər Kollegiyasının sədri, Ali Məhkəmənin kollegiya sədrləri və 30-dan çox vəkilin iştirak etdiyi dəyirmi masada hakimlər və vəkillər arasında qarşılıqlı prosessual münasibətlər, bu sahədə rast gəlinən problemlər geniş təhlil olunub.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov videokonfransı giriş sözü ilə açıb, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn tələblərin icrası ilə əlaqədar ötən il ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatlar, yenilənmə tədbirləri haqqında danışıb və məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi yönümündə görülən işləri müsbət dəyərləndirib. Eyni zamanda, qeyd edib ki, Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.
Ali Məhkəmənin sədr müavini, həmçinin hazırda təcrübədə rastlaşılan hakim-vəkil münasibətlərinin etik tərəflərinə də toxunub və Fərmanın icrası üçün bunun xüsusi əhəmiyyətini vurğulayıb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına əsasən vəkillikdə vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində görülən tədbirlərlə bağlı məlumat verib.
Daha sonra, mülki işlər üzrə dövlət hesabına hüquqi yardım sahəsində mövcud olan problemlər barədə təkliflər verib, o cümlədən hakimlər və vəkillər arasında qeyri-prosessual münasibətlərin qarşısının alınması sahəsində görülən işlər və gələcəkdə bu sahədə planlaşdırılan ciddi tədbirlər barədə məlumat verib.
Bundan başqa isə tədbirdən öncəki günlərdə vəkillər arasında həyata keçirilmiş sorğu əsasında qeyd və təkliflər məcmuə halında toplanıb, Anar Bağırov tərəfindən videokonfransda səsləndirilmiş və vəkillərin fəaliyyətlərində üzləşdiyi bəzi problemlərdən danışılıb.
Tədbirdə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevın “Hakimlər və vəkillər arasında münasibətlərin prosessual və etik aspektləri - hakim baxışı” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Hakimlər və vəkillər arasında münasibətlərin prosessual və etik aspektləri - vəkil baxışı” mövzularında çıxışları dinlənilib.
Videokonfransda hakim-vəkil münasibətləri fonunda qarşılıqlı maraq doğuran problemlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.