REGİONLAR
Hami ixtisaslarda təhsil alan tələbələrin innovativ dərnəklərə ekskursiyaları təşkil olunub
Naxçıvan, 12 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikanın Təhsil Nazirliyi 2020-2021-ci tədris ilində də hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik biliklərini artırmalarını diqqətdə saxlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu istiqamətdə görülən işlərin davamı olaraq Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olan tələbələrin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin innovativ dərnəklərinə ekskursiyaları təşkil edilib.
Tələbələr innovativ dərnəklərlə tanış olub, dərnəklərin təşkili ilə bağlı məlumatlar onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, qrafikə uyğun olaraq 9 mart-1 aprel tarixlərində “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, İnformatika, Kimya, Biologiya, Alman dili, Coğrafiya, İngilis dili, Fiziki tərbiyə və Tarix ixtisasları üzrə təhsil alan 90 tələbə, 6 aprel-18 may tarixlərində isə Naxçıvan Müəllimlər İnstitutunun İbtidai tədrisin pedoqojikası və metodikası, həmçinin Riyaziyyat-informatika ixtisasları üzrə təhsil alan 194 tələbə mərkəzin STEAM, Robotexnika, Memarlıq-Dizayn, Mental-Aritmetika və digər yaradıcı dərnəklər ilə tanış olacaqlar. Tələbələr ekskursiya müddətində dərnəklərin fəaliyyəti ilə tanış olacaq, nəzəri məlumatlar əldə edəcək, praktiki təcrübə keçəcəklər.