Hazırda sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli dəyərlərdən biridir
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov 1981-ci ildə BMT-nin təsis etdiyi bu günün əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib.
Prorektor bildirib ki, əbədi mövzu olan sülh torpaqlarının 20 faizi işğal edilən, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, Azərbaycan kimi sülhsevər, tolerant ölkənin vətəndaşları Ermənistanın təcavüzü nəticəsində öz Vətənlərində didərginə çevriliblər, ev-eşiklərindən, doğma yurd-yuvalarından məhrum olublar. Ötən illərdə Azərbaycan münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, hər şeydən əvvəl, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını alıb, 1994-cü ilin mayında Azərbaycan ilə Ermənistan arasında atəşkəs haqqında müqavilə imzalanıb. Ölkəmizdə sabitlik bərqərar olub. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi hesab edilə bilər.
Universitetin fəlsəfə və politologiya kafedrasının müdiri Əyyub Kərimov BMT-nin Beynəlxalq Sülh Günü ilə əlaqədar qəbul etdiyi müraciətdən söz açaraq bildirib ki, hazırda sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli dəyərlərdən biridir. Bu, həm də BMT-nin ən ali məqsədidir.
Digər çıxış edənlər də Beynəlxalq Sülh Gününün əhəmiyyətindən danışıb, dövlətimizin sülhsevər siyasətini dəstəklədiklərini vurğulayıblar.