REGİONLAR
Həkim–epidemioloq: Sumqayıtda noyabrın əvvəlindən bəri 135 nəfərə qızılca diaqnozu qoyulub

Sumqayıt, 6 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Yoluxma əsasən uşaqlar arasında qeydə alınır.
Sumqayıt Şəhər Gigiyena Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu Lamiyə Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətdə bildirib ki, qızılca uşaqlıq dövrünün infeksion xəstəliyi hesab olunur, virus mənşəli xəstəlikdir.
“Böyüklərdə də xəstəliyə yoluxma istisna deyil. Son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb. Amma noyabr ayının 6-dan xəstəliyə yoluxanların dinamikasında kəskin artım görünür. Belə ki, artıq bu günə kimi şəhərdə 135 adamda qızılca diaqnozu qeydə alınıb. Hazırda yoluxmalar daha çox məktəb və bağçayaşlı uşaqlar arasında üstünlük təşkil edir. Ötən ayda 15 məktəb və 1 uşaq bağçasında, dekabrda isə artıq 20 məktəb və 2 bağçada xəstəlik aşkar olunub”, - deyə Lamiyə Məmmədova əlavə edib.
Şəhərdə geniş maarifləndirmə işlərinin aparıldığın qeyd edən həkim peyvəndlənmənin vacibliyini vurğulayıb: “Bu işə Ailə Sağlamlıq mərkəzləri cəlb olunub. Hamısı peyvəndlərlə təchiz olunublar. İş ciddi nəzarətə götürülüb. Mərkəzlərin tibb bacıları uşaqlar olan ailələrlə görüşür, vaksinasiyanın vacibliyini diqqətə çatdırırlar. Məktəblərdə yaşı uyğun olan, lakin yayınan uşaqlar peyvəndə cəlb olunurlar. Sumqayıtda qızılca xəstəliyi ilə bağlı ölümlə nəticələn fakt aşkar olunmayıb”.