Həkim-metodist: İİV-lə bağlı stiqma müalicə proseslərinə əhəmiyyətli təsir göstərir
Bakı, 11 sentyabr, AZƏRTAC
İİV infeksiyasının xarakterik xüsusiyyətlərindən biri onun uzun müddət klinik əlamətlər olmadan, latent mərhələdə davam edə bilməsidir. Yoluxmadan sonra xəstəlik illərlə simptomsuz gedə və şəxs özünü tam sağlam hiss edə bilər. Lakin bu müddət ərzində virus orqanizmdə xüsusi aktivliyə malik olur, immun sisteminə, xüsusilə CD4 limfositlərinə təsir göstərərək onların sayını tədricən azaldır. Simptomların olmaması infeksiyanın təhlükəsiz və ya qeyri-yoluxucu olması demək deyil. Şəxs öz statusunu bilmədikdə yoluxdurma riski daha da artır, çünki infeksiyanın mövcudluğundan xəbərsiz olmaq profilaktik tədbirlərin tətbiqini zəiflədir. Odur ki, vaxtında başlanılmış və müntəzəm qəbul edilən antiretrovirus terapiya (ART) qanda virus yükünü təyin olunmayan səviyyəyə qədər endirə bilir və infeksiyanın ötürülmə riskini minimuma endirir. Beləliklə, erkən diaqnostika, müntəzəm laborator müayinələr və müalicəyə sadiqlik həm fərdi sağlamlığın qorunması, həm də epidemioloji təhlükəsizliyin təmin olunması baxımından əsas strateji tədbirlər hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində Təşkilati-metodiki şöbənin həkim-metodisti Səbinə Nəbizadə bildirib.
O qeyd edib ki, İİV-in parenteral yolla ötürülməsini nəzərə alaraq, tibb işçiləri xüsusilə tibbi prosedurlar və digər invaziv müdaxilələr zamanı təhlükəsizlik tədbirlərini gözləməlidirlər: “Xüsusilə kəsilmiş və ya dərin zədələr yüksəkriskli yoluxma mənbəyi hesab olunur, çünki belə hallarda İİV-lə yaşayan şəxsin qanı birbaşa sağlam şəxsin qanına keçə bilər. Bu səbəbdən hər bir pasiyent potensial yoluxma mənbəyi kimi qəbul edilməli və onlarla işləyərkən müvafiq təhlükəsizlik tədbirləri tətbiq olunmalıdır. Bu məqsədlə işçilər əlcək, maska, qoruyucu geyim və eynəkdən istifadə etməli, iynə və digər kəsici alətlərlə diqqətlə işləməlidirlər. Tibbi alətlərin düzgün dezinfeksiya və sterilizasiyası infeksiyanın yayılma riskini minimuma endirir. Tibb işçisinin peşə fəaliyyəti zamanı təsadüfi zədələnmə baş verdikdə və İİV-lə yoluxma riski olan vəziyyətlərdə dərhal təmasdan sonra profilaktika (PEP) üçün müraciət etməlidir. Tibbi xidmət göstərərkən təhlükəsizlik tədbirlərinə riayət etmək həm tibb işçilərinin, həm də pasiyentlərin qorunmasını təmin edir. Bu məqsədlə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən tibb işçiləri üçün “Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” adlı vəsait çap olunaraq tibb işçiləri arasında paylanılıb”.
Həkim-metodistin sözlərinə görə, İİV-lə bağlı stiqma, yəni cəmiyyətdə İİV-lə yaşayan şəxslərə qarşı ayrı-seçkiliyin olması diaqnostika və müalicə proseslərinə əhəmiyyətli təsir göstərir: “İnsanlar stiqmanın təsirindən səhiyyə xidmətlərinə müraciət etməkdən çəkinir, nəticədə virusun erkən aşkarlanması gecikir və müalicəyə başlama müddəti uzanır. Həmçinin stiqma antiretrovirus terapiyasına riayət etməyə mane olur, çünki şəxslər bəzən dərmanlarını gizlətmək və tibbi məsləhətlərdən çəkinmək məcburiyyətində qala bilirlər. Bu vəziyyət virus yükünün artmasına, immun sistemin zəifləməsinə və opportunistik infeksiyaların yaranma riskinin artmasına gətirib çıxarır. Stiqmanın aradan qaldırılması və İİV-lə bağlı əhali arasında maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən ölkədə silsilə maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərə ümumi əhali və risk qrupları arasında maarifləndirmə, tibb işçiləri arasında təlimlərin təşkili, həmçinin İİV-lə yaşayan şəxslərə dəstək proqramlarının təşkili daxildir”.