Hərbi ekspert: Azərbaycan Ordusu müasir müharibə taktikasında yeni mərhələnin əsasını qoydu
Bakı, 25 iyun, AZƏRTAC
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tətbiq etdiyi döyüş taktikası və texnoloji üstünlük dünya hərb elmi üçün yeni yanaşmalar formalaşdırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun inkişaf yolunu şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu ilk dəfə müşahidə, izləmə və zərbə pilotsuz uçuş aparatlarını inteqrasiya edilmiş vahid sistem şəklində tətbiq etməklə müasir döyüş əməliyyatlarında pilotlu və pilotsuz vasitələrin qarşılıqlı fəaliyyətini uğurla təşkil etdi. Bu yanaşma sayəsində düşmənin mühüm hərbi obyektləri yüksək dəqiqliklə məhv edildi və bu gün dünyanın ən innovativ hərbi metodlarından hesab olunan əməliyyat modeli uğurla tətbiq olundu.
“Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində pilotsuz uçuş aparatlarından kütləvi istifadə etməklə müasir döyüş əməliyyatlarının mahiyyətini və taktikasını kökündən dəyişdi. Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər ölkənin hərb tarixinin ən yüksək zirvəsidir və bu müharibə zamanı tətbiq olunan yeni silahlı mübarizə üsulları dünya hərb elmi üçün mühüm təcrübəyə çevrilib. Qələbənin əldə olunmasında dövlətin bütün qurumlarının vahid mərkəzdən koordinasiyalı şəkildə idarə olunması xüsusi rol oynayıb. Azərbaycanın peyk imkanları, xüsusi xidmət orqanları, Silahlı Qüvvələr, hüquq-mühafizə strukturları, eləcə də digər dövlət və mülki qurumlar vahid məqsəd naminə fəaliyyət göstərərək qələbənin təmin olunmasına mühüm töhfə veriblər. Müharibənin ilk günlərindən düşmənin logistik imkanları iflic vəziyyətinə salınıb. Milyardlarla dollar dəyərində zirehli texnikalar əsasən Türkiyə istehsalı olan "Bayraktar TB2" pilotsuz uçuş aparatları vasitəsilə məhv edilib. Eyni zamanda, düşmənin milyardlarla dollar dəyərində olan hava hücumundan müdafiə sistemlərinin təxminən 60 faizi müharibənin ilk saatlarında zərərsizləşdirilib. Bu nəticələrin əldə olunmasında "Bayraktar TB2" və "Harop" zərbə pilotsuz uçuş aparatlarından geniş istifadə mühüm rol oynayıb”, - deyə hərbi ekspert vurğulayıb
O qeyd edib ki, döyüş əməliyyatları yüksək intensivliklə həyata keçirilib və uzun illər işğal altında qalan Azərbaycan torpaqları cəmi 44 gün ərzində azad olunub. Daha sonra keçirilən birgünlük antiterror tədbirləri ilə ölkənin bütün ərazisində dövlət suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının Silahlı Qüvvələrə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə göstərdiyi güclü dəstək qələbənin qısa müddətdə əldə olunmasını təmin edən əsas amillərdən biri olub. Müharibədən sonra da ordu quruculuğu prosesi ardıcıl şəkildə davam etdirilir. Quru Qoşunlarının yeni idarəetmə sistemi formalaşdırılıb, komando birlikləri yaradılıb və onların sayı davamlı olaraq artırılır. Azərbaycan regionda hərbi üstünlüyünü qorumaq və orta güc statusuna uyğun müdafiə potensialını daha da gücləndirmək məqsədilə müasir silah və sursatların alınmasını davam etdirir. Bu texnikanın bir hissəsi Zəfərin beşinci ildönümünə həsr olunmuş hərbi paradda nümayiş etdirilib.
"Bu gün Azərbaycan ordu quruculuğu sahəsində əldə etdiyi nəticələrə görə bir sıra NATO üzvü dövlətlərin ordularını belə qabaqlayan göstəricilərə malikdir", – deyə hərbi ekspert vurğulayıb.
Müxbir- Səbinə Əlizadə