REGİONLAR
Hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib VİDEO
Naxçıvan, 21 fevral, AZƏRTAC
Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması məqsədilə təşkil edilən birinciliyin keçirilməsi və təhlükəsizlik qaydaları haqqında məlumat verib, idmançılara uğurlar arzulayıb.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birinciliyə isinmə hərəkətlərindən sonra start verilib. 16 komandadan 90 idmançının 6 çəki dərəcəsində mübarizə apardığı daşqaldırma yarışları birdən və təkanla qaldırma üzrə keçirilib.
Hər çəki dərəcəsində qaliblər hər iki növ çalışmada yığılmış ən çox xalla müəyyən edilib. Şəxsi hesabda 60 kiloqram çəki dərəcəsində əsgər Muraz Əhmədov, 65 kiloqram çəki dərəcəsində baş çavuş Rəşad Həsənov, 70 kiloqram çəki dərəcəsində əsgər Səməd Şıxıyev, 80 kiloqram çəki dərəcəsində əsgər Maqsun Məmmədov, 90 kiloqram çəki dərəcəsində əsgər Raul Qənizadə və 90 kiloqramdan yuxarı çəki dərəcəsində əsgər Qabil Bağırov birinci yerə layiq görülüblər.
Yekun nəticələrə əsasən, komanda hesabında üçüncü yerdə motoatıcılar, ikinci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası, birinci yerdə isə xüsusi təyinatlılar qərarlaşıb. Şəxsi və komanda hesabında ilk üçlüyə düşməyi bacaran qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.