Həsən Seyidbəylinin nəsr yaradıcılığından bəhs edən monoqrafiya nəşr olunub
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Elmi şurasının qərarı ilə “Həsən Seyidbəyli: həyatı və nəsr yaradıcılığı” kitabı “Elm və təhsil” nəşriyyatında çap edilib. Kitabın müəllifi Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Baba Babayevdir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən çap olunub.
“Sənətkarın elmi pasportu-40” seriyası ilə nəşr olunan monoqrafiyanın elmi məsləhətçisi və “Azərbaycan kinosunun əfsanəsi - Publisist bədii nəsrin yaradıcısı” başlıqlı “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabın redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərli, rəyçisi filologiya elmləri doktoru, professor Təyyar Salamoğludur.
Monoqrafiyada görkəmli yazıçı, kinodramaturq, ssenarist, kinorejissor, publisist Həsən Seyidbəylinin çoxcəhətli yaradıcılığı müasirlik duyğusunun gücü ilə elmi səviyyədə araşdırılır”.
Yeni nəşr “Həsən Seyidbəylinin həyatı və ədəbi-ictimai fəaliyyəti”, “Yazıçının yaradıcılıq axtarışları: hekayələrində sosial həyatın bədii əksi”, “Həsən Seyidbəyli yaradıcılığının nəsr təkamülü: povest və romanlarında sosial həyat və onların üslub fərdiyyətləri” fəsillərindən ibarətdir.