Həyati zərurət və ya əcdadlarımızın vəsiyyəti
Bakı, 11 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, keçirilən danışıqlar, imzalanan sənədlər və Prezident Kasım-Jomart Tokayevlə mətbuata bəyanatları iki ölkənin regional və beynəlxalq problemlərə ortaq yanaşdığını, münasibətlərin açıq və hərtərəfli xarakter daşıdığını, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinə dair qəti siyasi iradəni göstərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, səfər qarşılıqlı münasibətlərin maddi və milli-mənəvi təməllərinin möhkəmləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xidmət edən sənədlərin imzalanması ilə yadda qaldı.
“Ən mühüm nəticə Ali Dövlətlərarası Şuranın təsis edilməsidir. Vacib olan məsələlərdən biri Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə - Orta Dəhlizə üçüncü ölkələri cəlb etmək barədə ümumi razılığın əldə edilməsidir. Bu, yüklərin çatdırılmasında sabitliyi və operativliyi təmin etməyə imkan verəcək.
Hər iki millətin gələcəyi olan gənclərin əməkdaşlığı, təhsil sahəsində əlaqələrin inkişafı üçün nazirliklərə konkret göstərişlər verilməsi əhəmiyyətlidir. Media sahəsində sazişin imzalanması informasiya siyasətində birgə addımlamağa perspektivlər açır. Azərbaycanda Qazaxıstan, Qazaxıstanda isə Azərbaycan mədəniyyəti günlərinin təşkili, Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illiyinə həsr olunmuş anım tədbirlərinin keçirilməsi və digər toplantılar münasibətləri daha da möhkəmləndirəcək.
Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanması məsələsinə Qazaxıstanın münasibətinin bir daha bəyan edilməsi əhəmiyyətli idi.
Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü o deməkdir ki, qardaş ölkə dirçəliş işlərinə qoşulur. Həmişə olduğu kimi, qardaşlar yenə də bir yerdədirlər”, - deyə Musa Qasımlı bildirib.