“Heydər Əliyev - Azərbaycan mədəniyyətinin ən böyük himayədarı” müsabiqə-sərgisinin qalibləri müəyyənləşib
Bakı, 19 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin ən böyük himayədarı” adlı müsabiqə-sərgi keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə 2 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi və İncəsənət Gimnaziyasının şagirdləri, gənc rəssamlar, incəsənət xadimləri, muzey əməkdaşları iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini, müstəqillik tariximizi gələcək nəslə aşılamaq və istedadlı uşaqların bu tarixi əks etdirən 30-a yaxın rəsm əsəri və əl işlərini təqdim etmək olub.
Tədbirdə muzeyin elmi işlər üzrə direktor müavini dosent Fərhad Cabbarov Ulu Öndər Heydər Əliyevin mədəniyyətin inkişafına daim böyük önəm verdiyini vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar muzeydə mütəmadi müxtəlif tədbirlər təşkil olunub.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi, müsabiqə-sərginin kuratoru Aynur Babayeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan muzeylərinin inkişafındakı rolundan danışıb, müsabiqə haqqında iştirakçılara ətraflı məlumat verib.
Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən videoçarx göstərilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Münsiflər heyəti 3 nəfər qalib seçib və 4 nəfərə həvəsləndirici yer verilib. Müsabiqə-sərgidə I yerə İncəsənət Gimnaziyasının şagirdi 12 yaşlı Sofiya Aslanova, II yerə İncəsənət Gimnaziyasının şagirdi 8 yaşlı Fatimə Musayeva və III yerə gənc rəssam Nargilə Ələsgərova layiq görülüblər.
Qaliblərə fəxri fərmanlar, muzeyin xüsusi hədiyyələri verilib, bütün iştirakçılara sertifikatlar təqdim olunub.