“HEYDƏR ƏLİYEV DÜNYANIN GÖZÜ İLƏ” KİTABININ TƏQDİMAT MƏRASİMİ
Kitabın buraxılışına məsul, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov mərasimi açaraq, Heydər Əliyevi böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin müzakirəsində həlledici sözünü deyə bilən, geniş ensiklopedik biliyə malik nadir şəxsiyyətlərdən biri kimi səciyyələndirdi.
Təqdimat mərasimində Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları Bahar Muradova, Vladimir Timoşenko, Xanhüseyn Kazımlı, Mais Səfərli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə çıxış etdilər.
Natiqlər bildirdilər ki, Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin tariximizin təxminən otuz beş illik bir dövrünü əhatə edən siyasi fəaliyyəti milli-mədəni intibah və sosial-siyasi tərəqqi mərhələsi kimi yadda qalmışdır. Bu baxımdan, heç şübhəsiz ki, onun siyasi irsi hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycan dövlətçiliyinin ideya-siyasi məzmununu, onun söykəndiyi dəyərlər sisteminin mahiyyətini özündə ehtiva edən mükəmməl bir konsepsiya olaraq öyrəniləcəkdir. Ümummilli liderimizin Azərbaycan xalqının gələcəyi naminə göstərdiyi misilsiz xidmətlər ona tarixin yaddaşına əbədi olaraq həkk edilmək haqqı qazandırmışdır. Təqdimatı keçirilən kitab məhz bu danılmaz həqiqətlərə dərin ehtiram hissinin təzahürü kimi qiymətləndirilə bilər.
Kitabda dünyanın ən məşhur siyasi və ictimai xadimlərinin, dövlət başçılarının Heydər Əliyev haqqında fikirləri, eləcə də ümummilli liderimizin fəaliyyətinə dair məqalələr toplanmışdır. Bu materiallar böyük rəhbərimizin məşhur siyasət adamları tərəfindən nəinki Azərbaycan tarixində, həm də dünyanın siyasi düzəninin müəyyənləşməsində kifayət qədər ciddi rol oynayan dövlət xadimi kimi qiymətləndirildiyini təsdiqləyir.
Natiqlər vurğuladılar ki, Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun siyasi fəaliyyətinin araşdırılmasına həmişə ehtiyac duyulacaqdır, bu barədə hələ çox kitablar yazılacaq, tədqiqatlar aparılacaqdır. “Heydər Əliyev dünyanın gözü ilə” kitabında isə bu fenomenal insana onun fəaliyyətini birbaşa izləmiş, beynəlxalq münasibətlər sistemində Heydər Əliyev amilinin təsirini bilavasitə hiss etmiş, onunla təmasda olmuş siyasətçilərin gözü ilə qiymət verir.
“Təhsil” nəşriyyatının mətbəəsində çap olunmuş kitabın tərtibçiləri Elşad Miraləm və Rüstəm Qaraxanlı, redaktoru filologiya elmləri namizədi Təranə Tofiq qızı, fotoların müəllifi isə Rafiq Bağırovundur.