HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ
Fondun işləyib hazırladığı “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 1985-ci ildə tikilmiş məktəbin üçmərtəbəli 3 yataqxanası, tədris korpusu, yeməkxanası, yardımçı binaların dam örtüyü, bütün kommunikasiya xətləri təzələnmiş, ilk dəfə olaraq istilik sistemi quraşdırılmışdır. İdman salonu və meydançaları, əyləncə mərkəzi, istirahət guşələri də tamamilə yenidən qurulmuş, həyətə asfalt döşənmiş, tibbi yardım kabinələri müasir avadanlıqla komplektləşdirilmişdir. Hazırda məktəbdə valideyn himayəsindən məhrum olmuş 280 uşaq təlim-tərbiyə alır, 52 müəllim və tərbiyəçi, 42 xidmətçi çalışır. Məktəb 9 illik təhsil verir. Buranı qurtaranlar orta təhsil verən digər məktəblərə köçürülürlər. Məktəbdə əmək təlimi dərslərinə xüsusi diqqət yetirilir, uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan yaradılır. Məktəbin şagirdlərindən ibarət nəfəs alətləri orkestrinin çıxışları isə ümumşəhər miqyaslı tədbirlərdə də hər dəfə hərarətlə qarşılanır.