Heyvan və bitki sağlamlığı sahəsində Azərbaycanla Türkiyə arasında əməkdaşlıq yolları müzakirə olunub
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən Qoşqar Təhməzli ölkəmizdə heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası sisteminin qurulması ilə əlaqədar görülən işlərdən danışıb. O, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində həyata keçirilən birgə tədbirlərin əməkdaşlığa yeni töhfələr verəcəyinə əmin olduğunu ifadə edib.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli qeyd edib ki, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Ona görə də qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Görüşdə baytarlıq və fitosanitar sertifikatların qarşılıqlı tanınması, xəstəliklərdən azad zonanın yaradılması, Qida Təhlükəsizliyi İnstitutu ilə Türkiyənin müxtəlif elmi-tədqiqat mərkəzlərinin əməkdaşlıq imkanları, həmçinin bitki və heyvan sağlamlığı sahələrində qardaş ölkə təcrübəsinin öyrənilməsi ilə bağlı birgə təlimlərin təşkili və digər məsələlər müzakirə olunub.
İki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün gələcəkdə imzalanması nəzərdə tutulan sazişlərin layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.