Hicran Hüseynova: Məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik təkmilləşdirilir
Bakı, 21 dekabr, AZƏRTAC
Məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik təkmilləşdirilir. Bu dəyişikliklər məlum sahəyə öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin dekabrın 21-də keçirilən iclasında deyib.
Qanun layihəsi barədə məlumat verən komitə sədri məişət zorakılığı ilə bağlı qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirildiyini də diqqətə çatdırıb.
Onun sözlərinə görə, birinci oxunuşda təqdim olunan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müəyyən əlavə və dəyişiklikləri özündə ehtiva edir.
Sənədə əsasən, Qanunun preambulasından, həmçinin 1.0.1-ci, 1.0.2-ci və 4.0.4-cü maddələrindən “yaxın” sözünün çıxarılması nəzərdə tutulur ki, bu da yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır. O cümlədən, bu Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə 4.0.1-ci maddəyə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunur.
Digər dəyişikliklə, mövcud Qanunun 4-cü maddəsində Qanunun şamil edildiyi şəxslər dairəsi yalnız ailə üzvlərindən ibarət olmadığından Qanun layihəsinin 7.0.4-cü və 8.0.8-ci maddələrindən “və ailə münasibətlərinin bərpa olunmasına” sözlərinin çıxarılması nəzərdə tutulur. Ümumi mənada tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması artıq ailə üzvlərinin öz seçiminə, şəxsi mülahizələrinə söykənməlidir.