Hikmət Babaoğlu: Əfvlə bağlı qərar həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür
Bakı, 7 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 176 məhkumun əfv edilməsi böyük humanizm nümunəsidir, yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi. Məhkumların əfv edilməsi ümummilli lider Heydər Əliyevin yaratdığı hüquqi-humanist ənənələrin davamıdır və xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu günə qədər Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, bu, sadəcə, statistika deyil, həm də o qədər sayda ailənin sevinci deməkdir. Əfv sərəncamı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlərboyu formalaşdırdığı, bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir ki, bu da özlüyündə xüsusi qiymətləndirilməli bir hadisədir. Onun sözlərinə görə, hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus epidemiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlığı ciddi təhdid altına düşüb. Tibb işçilərimiz həmin insanları xüsusi risk qrupu kimi səciyyələndirir, onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir.
“Azərbaycan Prezidenti tərəfindən məhz belə kritik məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür. Ancaq, əlbəttə, bu addım nə qədər vacib və humanistdirsə, bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir”, - deyə H.Babaoğlu qeyd edib.
Deputat bildirib ki, çünki bu əfvdən sui-istifadə etmək, yenidən cinayət əməllərinə meyillənmək yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər. Ona görə də istər əfv edilmiş məhkumlar, istərsə də onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli, ümummilli həmrəyliyimizə töhfə verəcək mühüm hadisə kimi dəyərləndirməlidirlər. Çünki bütövlükdə Azərbaycan cəmiyyəti hadisəni haqlı olaraq belə də qiymətləndirir.