“Hipertoniya üzrə 1-ci Bakı beynəlxalq təlim kursu” başa çatıb
Bakı, 17 mart, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı, Bakı Kardiovaskulyar Akademiyasının texniki və təşkilati dəstəyi ilə “Hipertoniya üzrə 1-ci Bakı beynəlxalq təlim kursu” başa çatıb. Onlayn formatda keçirilən kursda Türkiyə, İtaliya, İspaniya və İsrailin aparıcı beynəlxalq ekspertləri ilə yanaşı, ADHTİ-nin professor-müəllim heyəti, Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Azərbaycan Kardiologiya Cəmiyyətinin aparıcı mütəxəssisləri də iştirak ediblər.
ADHTİ-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə “Yüksək qan təzyiqinin diaqnostikası və müalicəsi”, "Preoperativ hipertenziya", "Təcili və təxirəsalınmaz hipertenziv halların farmakoterapiyası", "Renovaskulyar hipertenziya", "Böyrək çatışmazlığı olan xəstələrdə hipertoniya" və 35-dən çox digər mövzu üzrə təqdimatlar edilib və interaktiv sual-cavab sessiyaları aparılıb.
Təlimdə Avropa Hipertoniya Cəmiyyəti Fondunun prezidenti, professor Giuseppe Mancianin "Arterial hipertenziyanın müalicəsi üzrə Avropa Kardiologiya Cəmiyyəti və Avropa Hipertoniya Cəmiyyətinin tövsiyələri", Avropa Hipertoniya Cəmiyyətinin vitse-prezidenti, İspaniyanın Valensiya Universitetinin pediatriya kafedrasının professoru Empar Lurbenin "Hipertenziya üzrə Avropa Cəmiyyətinin uşaq və yeniyetmələrdə yüksək qan təzyiqinin müalicəsinə dair 2016-cı il tövsiyələri" və Türkiyənin Hipertoniya və Ateroskleroz Dərnəyinin rəhbəri və Avropa Kardiologiya Cəmiyyətinin Hipertoniya üzrə İşçi Qrupunun sədri, professor Serap Erdinin "Rezistent hipertoniya", ADHTİ-nin terapiya kafedrasının professoru Valeh Mirzəzadə "Şəkərsalıcı terapiyanın kardiovaskulyar aspektləri" və professor İsax Mustafayevin "2-ci tip şəkərli diabet xəstələrində arterial hipertenziyanın müalicəsi" mövzularında çıxışları xüsusi maraqla dinlənilib.
Təlimdə test imtahanından uğurla keçən iştirakçılara sertifikatlar verilib.