Hörmüz boğazında artan risklər qlobal qiymət zəncirini sarsıdır - ŞƏRH
Bakı, 31 mart, AZƏRTAC
Dünya enerji və ticarət sisteminin strateji mərkəzlərindən biri olan Hörmüz boğazı ətrafında baş verən proseslər qlobal iqtisadi sabitliyə təsir edən əsas faktorlar sırasında yer almaqda davam edir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadçı-ekspert İlhan İşbaşı bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı neft tədarükünün təxminən 20-30 faizinin keçdiyi əsas marşrutlardan biri olmaqla yanaşı, mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının mühüm hissəsidir.
“Buna görə də, burada yaranan hər hansı risk – istər hərbi toqquşma ehtimalı, istərsə də gəmiçiliyin məhdudlaşdırılması – dərhal qlobal enerji bazarlarında qiymət sıçrayışına səbəb olur. Enerji qiymətlərindəki artımın təsiri çoxşaxəlidir və bu, bir neçə mərhələdə özünü göstərir. İlk mərhələdə xam enerji resurslarının bahalaşması müşahidə olunur. Daha sonra bu artım nəqliyyat sektoruna ötürülür – yanacaq xərclərinin yüksəlməsi daşımaların maya dəyərini artırır. Növbəti mərhələdə isə sənaye və kənd təsərrüfatı məhsullarının istehsal xərcləri yüksəlir. Nəticədə biz yalnız yanacaq deyil, ərzaqdan tutmuş sənaye məhsullarına qədər geniş çeşiddə qiymət artımları ilə üzləşirik. Bu isə qlobal inflyasiyanın struktur xarakter almasına səbəb olur. Yaxın Şərq regionunda davam edən qeyri-sabitlik təkcə enerji bazarlarını deyil, həm də beynəlxalq logistika sistemini ciddi şəkildə dəyişir. Belə ki, bəzi hallarda gəmiçilik şirkətləri riskli zonalardan yayınmaq üçün alternativ marşrutlara üstünlük verir. Bu isə daşınma müddətini uzadır, sığorta haqlarını artırır və nəticə etibarilə məhsulların son qiymətinə əlavə yük yaradır”, – deyə o bildirib.
İ.İşbaşı vurğulayıb ki, son dövrlərdə qlobal bazarlarda müşahidə olunan qiymət dalğalanmalarında “psixoloji faktor” da mühüm rol oynayır. Onun sözlərinə görə, investorlar və treyderlər gələcək riskləri öncədən qiymətlərə daxil edirlər: “Bu isə real təklif-tələb balansından asılı olmayaraq qiymətlərin daha sürətli artmasına gətirib çıxarır. Bəzən bazarda faktiki qıtlıq olmur, lakin gözləntilər qiymətləri artırır. Bu, xüsusilə enerji bazarlarında tez-tez müşahidə olunan haldır. Enerji idxalçısı olan ölkələrdə vəziyyət daha mürəkkəbdir. Bu ölkələrdə həm idxal xərcləri artır, həm də milli valyuta üzərində təzyiq güclənir. Nəticədə inflyasiya sürətlənir, əhalinin alıcılıq qabiliyyəti zəifləyir və sosial-iqtisadi balans pozula bilər. Bu baxımdan dövlətlərin fiskal və monetar siyasət alətlərindən daha çevik istifadə etməsi vacibdir”.
İlhan İşbaşı əlavə edib ki, mövcud vəziyyət uzunmüddətli perspektivdə yeni iqtisadi transformasiyalara yol açır. Ekspert hesab edir ki, enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkələr alternativ mənbələrə – xüsusilə Günəş və külək enerjisinə investisiyaları artırır, həmçinin yeni nəqliyyat-logistika dəhlizlərinin inkişafına daha çox diqqət yetirir. Bu kontekstdə Avrasiya məkanında formalaşan alternativ marşrutların əhəmiyyəti də getdikcə artır.
Müxbir-Vüqar Qurbanoğlu