İctimai maarifləndirmə qrupları fəaliyyətini davam etdirir
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ictimai maarifləndirmə qruplarına dair layihənin icrası davam etdirilir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində məqsəd cəmiyyətdə ictimai maarifləndirmə işinin gücləndirilməsi, gənclər təşkilatlarının bu prosesə cəlb olunması və bununla da gənclər təşkilatlarının iştirakı ilə maarifləndirmənin aparılmasıdır.
Layihə çərçivəsində “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli və təşkilatın könüllüləri Zərdab rayonunda maarifləndirmə işi aparırlar. Maarifləndirmə işi layihənin əsas istiqamətləri - COVID-19 pandemiyası ilə mübarizə (gigiyenik vasitələrdən düzgün istifadə) və vaksinasiya prosesinin vacibliyi, İkinci Qarabağ müharibəsində şəhid və qazilərimiz, “Nizami Gəncəvi İli”ndə görüləcək işlər, habelə işğaldan azad edilən torpaqlarda bərpa-quruculuq və məskunlaşdırma prosesində gənclərin rolunun artırılması üzrə aparılır. Layihə çərçivəsində şəhid ailələrinin və qazilərin ziyarət olunması da diqqət mərkəzində saxlanılır.