“İCTIMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” QANUNA DƏYİŞİKLİK EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna dəyişiklik ediləcəkdir. Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasovanın sözlərinə görə, əvvəllər qanunun tələblərini pozmuş ictimai yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə ictimaiyyətə məlumat vermirdi. Təklif olunan dəyişiklikdə isə deyilir ki, ictimai yayımçı məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş vaxt ərzində yayımlamağa borcludur.