“İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” QANUNYENİDƏN PARLAMENTDƏ MÜZAKİRƏ OLUNACAQ
AZƏRTAC xəbər verir ki, iclasda “İctimai televiziya və radio yayımı haqqında” qanun layihəsi yenidən müzakirə edilmişdir.
İnsan hüquqları daimi komissiyasının sədri Sirus Təbrizli demişdir ki, Qanun üçüncü oxunuşda qəbul olunsa da, Prezident İlham Əliyev layihədə bəzi demokratik dəyərlərin tam əks olunmadığını əsas gətirərək sənədə veto qoymuş, əlavə və dəyişikliklər edilməsi üçün yenidən parlamentə qaytarmışdır. Qanunun daha da demokratikləşməsi, insan hüquq və azadlıqlarının tam qorunması ilə bağlı Prezidentin təklif etdiyi dəyişikliklər Avropa Şurası ekspertinin rəyi ilə üst-üstə düşür.
Sonra layihə ilə bağlı işçi qrupunun rəhbəri Rizvan Cəbiyev məlumat vermişdir. O demişdir ki, əlavə və dəyişikliklər öyrənilərək 3 qrupa bölünmüşdür. Bəzi maddələr tamamilə layihədən çıxarılmışdır. İctimai televiziyaya kənar müdaxilənin aradan qaldırılması, ictimai televiziyada rəsmi məlumatların yayımı, yayım şurası sədrinin təsdiqi, abonent haqqı və digər məsələlər üzərində ciddi iş aparılmışdır.
Müzakirələr zamanı deputatlar Prezident İlham Əliyevin sənədə veto qoymasını müsbət hal kimi qiymətləndirmiş və bu addımı dövlət başçısının demokratiya prinsiplərinə sadiqliyinin sübutu kimi dəyərləndirmişlər.
Müzakirələrdə iştirak edən Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva layihə ilə bağlı tövsiyələrini vermişdir. Sonda sənədin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.