CƏMİYYƏT
İdarə Heyətinin sədri: 2019-cu ildən həkimlərin maaşında kifayət qədər artım olub

Bakı, 28 sentyabr, AZƏRTAC
Biz istəyirik, gələcəkdə ambulator müalicələrdə də əhalinin dərman təminatı olsun.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, icbari tibbi sığortaya başlayarkən 20 özəl tibb müəssisəsi ilə müqavilə bağlanmışdısa, bu gün onların sayı 100-dən artıqdır.
O, həmçinin qeyd edib ki, 2019-cu ildən bu yana həkimlərin də maaşında kifayət qədər artım olub. Bu gün tibb müəssisələrində çalışan ixtisaslar üzrə həkimlərin orta aylıq əməkhaqqı əvvəlki illərlə müqayisədə 400 manatdan 2 600 manatadək yüksəlib.
Zaur Əliyev bildirib ki, dövlət tibb müəssisələrində görüləcək işlər də çoxdur: “Bizim əsas məqsədimiz odur ki, vətəndaşlarımızın maddi vəziyyətindən asılı olmayaraq, tibbi xidmətə əlçatanlığı olsun, cibindən vəsait çıxmasın. Biz istəyirik, gələcəkdə ambulator müalicələrdə də dərman təminatı olsun".