İdarəetmə Sistemləri İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib
Bakı, 27 iyun, AZƏRTAC
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda II kurs magistrantların kompüter elmləri ixtisası üzrə magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn iclasda İdarəetmə Sistemləri İnstitutunun 2, İnformasiya Texnologiyaları İnstitutunun 3 magistrantı dissertasiya işlərini müdafiəyə təqdim ediblər. Magistrantlar Aytən Əhmədova, Samir Məmmədov, Ülviyyə Kadaşeva, Aygül Fəxrəddin qızı, Arzu Həsənli dissertasiya işlərini təqdimatlar vasitəsilə diqqətə çatdırıblar.
Sonra hər bir iş üzrə iddiaçılara suallar verilib və geniş müzakirələr aparılaraq dissertasiya işlərinin aktuallığı, tələbələrin təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olunub.
Müzakirələrdə AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək AMEA-nın magistraturasında tələbələrin inkişafı üçün yaradılmış elmi-tədris bazasının əhəmiyyətini xüsusi vurğulayaraq dissertasiya işlərinin yüksək keyfiyyətlə hazırlanmasında maddi-texniki bazadan məharətlə istifadə edildiyini diqqətə çatdırıb. O, magistrantların təhsillərini davam etdirmələri üçün tövsiyə və təkliflərini verib.
Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şura qiymətləndirmənin nəticələri əsasında magistrantların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edib.
Onlayn iclasda, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, idarənin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov iştirak ediblər.