İƏT-in Baş katibi: İslam dünyasında gənc nəsil xoşbəxt gələcək qurmağa qadirdir
Qahirə, 3 sentyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) hər il sentyabrın 3-də Gənclər Gününü qeyd edir. Bu əlamətdar günün qeyd olunması barədə qərar təşkilatın 2017-ci il sentyabrın 3-də keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasına qəbul olunub. AZƏRTAC xəbər verir ki, bu münasibətlə İƏT-in Baş katibi Yusif bin Əhməd Əl-Osayminin bəyanatı yayılıb.
Bəyanatda qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində yaşayan yarım milyarddan çox müsəlman gənc xoşbəxt gələcək qurmaq üçün enerji və yaradıcılığa malikdir. Baş katib əlavə edib: “COVID-19 pandemiyası bütün dünyanı silkələyib və gənclərin həyatına, cəmiyyətin inkişafına mənfi təsir göstərib. Ekspertlər bildirirlər ki, pandemiyanın siyasi, sosial, iqtisadi və mənəvi fəsadları uzun müddət davam edəcək. Gənc nəsil də işsizlik, təhsil, səhiyyə və sosial fəaliyyətlərin məhdudlaşması problemləri ilə üzləşib. Bu təlatümlü dövrdə beynəlxalq ictimaiyyətin, o cümlədən gənclərin pandemiya ilə mübarizədə həmrəylik nümayiş etdirməsi, problemlərin həlli üçün yeni yollar tapması zəruridir”.
Yusif bin Əhməd Əl-Osaymin bildirib ki, İƏT-in Baş Katibliyi problemlərin həlli istiqamətində bir neçə təşəbbüs irəli sürüb. Təşkilata üzv dövlətlərə maliyyə yardımı göstərilməsi, bu məqsədlə İslam İnkişaf Bankı və İslam Həmrəylik Fondunun vəsaitlərindən istifadə olunması, gənclərin təhsili və məşğulluğu üzrə yeni layihələrin həyata keçirilməsi bu qəbildəndir.
Baş katib gənclər siyasəti ilə bağlı daha bir mühüm məsələni - onların ekstremizm və terrorizm təbliğatından qorunmasını diqqətə çatdırıb. O vurğulayıb ki, bu məqsədlə gənc nəslə müqəddəs İslam dininin əsl humanist mahiyyətinin, tolerantlığın aşılanması olduqca vacibdir. Bu, onların cinayətkar ekstremist qruplaşmalara qoşulmasının qarşısını ala bilər.
Bəyanatın sonunda deyilir: “Vurğulamaq istəyirəm ki, İƏT gənclərlə bağlı dayanıqlı və mühüm strategiya hazırlayıb. Bir daha demək istəyirəm ki, təşkilatımız üzv ölkələrdə gənclər və gənc liderlərlə əməkdaşlıq üzrə yeni proqramların həyata keçirilməsinə hazırdır. İslam dünyasının gəncləri xoşbəxt gələcək qurmağa qadirdir”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə