İFLİC KEÇİRƏN ADAM TİBBİ YARDIMSIZ QALDIQDA HƏR DƏQİQƏ 1,9 MİLYON NEYRON İTİRİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, alimlər iflic vuran zaman tibbi yardımdan istifadə olunmamasının nəticələrini ilk dəfə hesablamışlar. İflic baş beyin damarlarının tıxaclanması, spazması, yaxud partlaması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Qanla təminatın pozulması nəticəsində xeyli sinir hüceyrəsinin məhvi iflicə, görmə və eşitmə qabiliyyətinin itirilməsinə, nitqdə çətinliklərə və digər ağır nəticələrə gətirib çıxarır.
Tədqiqatın müəllifi, Kaliforniya Universitetinin nevroloqu, professor Ceffri L.Seyver bildirir ki, iflicin nəticələri müasir üsullarla müalicə olunur. Lakin müalicənin səmərəliliyi xəstə və həkimlərin xəstəliyin ilk əlamətlərinə tez reaksiya verməsindən birbaşa asılıdır.
Seyverin məlumatına görə, tibbi yardımsız xəstə hər 12 dəqiqə ərzində baş beyinin təxminən noxud boyda hissəsini itirir. Bu minvalla iflicdən keçən 10 saat ərzində beyinin pinq-ponq topundan bir qədər böyük hissəsi məhv olur ki, bu da 1,2 milyard sinir hüceyrəsinin tamamilə itirilməsi deməkdir.
İflicin daha geniş yayılmış əlamətləri ətrafların quruması və ümumi zəiflik, nitqin müvəqqəti itirilməsi və başqasının nitqini anlamaqda çətinlik, görmə qabiliyyətinin tam və ya qismən itirilməsi, ürəkbulanma və səndirləyə-səndirləyə yerimək, habelə qəfil güclü başağrısıdır.
Hazırda həkimlər iflicin fəlakətli nəticələrinin qarşısını sürətlə ala biləcək preparatlardan - antikoaqulyantlardan və plazminogenlərdən səmərəli istifadə edirlər. Ən ağır məqamlarda cərrahiyyə əməliyyatı aparılır.