II RESPUBLİKA KİTAB SATIŞ-SƏRGİSİ KEÇİRİLƏCƏKDİR
Sərgidə ən yaxşı nəşriyyat işinə görə (mövzunun aktuallığı, dizayn), ən yaxşı poliqrafik icraya görə (çap, cildləmə), oxucu seçimi, sərgi zamanı ən çox satılmış kitab nominasiyaları üzrə müsabiqə keçiriləcəkdir.
Şərtlərə görə, müsabiqəyə Azərbaycanın nəşriyyat və poliqrafiya müəssisələri tərəfindən 2005-2006-cı illərdə nəşr edilmiş yeni, 2-ci nominasiyada isə yalnız ölkəmizin mətbəələrində çap olunmuş kitablar təqdim edilə bilər.
Hər nəşriyyat və ya poliqrafiya müəssisəsi, müsabiqədə iştirak üçün nəzərdə tutulmuş bir kitabı mayın 21-dək Kitab Klubuna (Mustafa Sübhi küç.,13) təqdim etməlidir.
Kitabların dəyərləndirilməsi münsiflər heyəti və sərgidə iştirak edən oxucular tərəfindən aparılacaqdır. Mərasimdə 1-ci və 2-ci nominasiyalar üzrə ən çox səs toplamış üç, 3-cü və 4-cü nominasiyalar üzrə isə bir kitab mükafatlandırılacaqdır. Sərgidə müəlliflərin iştirakı ilə kitab imzalama mərasimləri, kitab lotereyası, püşkatma ilə tamaşaçılara qiymətli kitabların hədiyyə edilməsi, eləcə də müsabiqənin qaliblərinə mükafat və diplomların təqdim olunması və s. nəzərdə tutulmuşdur.