III MDB Oyunları ilə əlaqədar Şəkidə polisin fasiləsiz xidməti təşkil olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
Ölkəmizdə keçirilən III MDB Oyunları ilə əlaqədar Şəkidə də təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisində və Oyunların keçirildiyi məkanlarda xidmətə əlavə canlı qüvvə cəlb edilib.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.