İİTKM-də “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbir keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciəti İİTKM-nin kollektivinin ümumi iclasında əməkdaşların diqqətinə çatdırılıb.
Mövzu ilə bağlı çıxış edən İİTKM-in hüquqşünası Nigar Hafizqızı Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanın, həmçinin bundan irəli gələn məqsəd və vəzifələr nəzərə alınaraq, 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalandığını qeyd edib. Bildirib ki, müstəqillik dövründə ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində böyük işlər görülüb.
Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. İİTKM-in kollektivi də builki “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərdə aktiv rol alacaq.