İlahiyyat İnstitutu “DOST xonçası” kampaniyasına qoşulub
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başladığı “DOST xonçası” kampaniyasına qoşulub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Aprel şəhidi Mahir Quliyevin ailəsinin qonağı olub, kollektiv adından onların bayramını təbrik ediblər.
Əsgər Mahir Quliyev 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-u isə Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda dəfn olunub.
Xatırladaq ki, bu xeyirxah aksiyanın məqsədi tənha ahıllarımızı, həssas qruplardan olan insanlarımızı, şəhid ailələrini ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətə onlara qarşı diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən adət-ənənəmizi qoruyub saxlamaqdır.