İmtahanda 60 bal toplayan müəllim: Sertifikatlaşdırma müəllimləri peşəkar inkişafa təşviq edir
Bakı, 29 iyun, AZƏRTAC
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində yüksək nəticə göstərənlərdən biri də Bakı şəhəri 240 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Aysu Musalı olub. O, imtahanda 60 bal toplayaraq maksimum nəticə göstərib.
Aysu Musalı AZƏRTAC-a müsahibəsində bildirib ki, bu uğur onun üçün yalnız yüksək bal deyil, peşəsinə sevginin, məsuliyyətli yanaşmanın və uzun illər ərzində görülən məqsədyönlü işin nəticəsidir.
Hazırlıq prosesindən danışan müsahibimiz qeyd edib ki, 2017-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində 60 mümkün baldan 57 bal toplayıb. Onun sözlərinə görə, 10 ildən artıq pedaqoji stajı olduğundan sertifikatlaşdırma imtahanına ayrıca hazırlıq kursuna qatılmayıb.
“Bu illər ərzində daim öz üzərimdə çalışmış, təhsil sahəsində yenilikləri izləyərək biliklərimi mütəmadi yeniləmişəm”, - deyə o əlavə edib.
Müəllim hesab edir ki, yüksək nəticə əldə etməsində məsuliyyətli yanaşması, özünəinamı və müəllimlik peşəsinə olan sevgisi mühüm rol oynayıb. O, şagirdlərinə olan bağlılığın və çalışdığı məktəbdəki müsbət mühitin də ona əlavə motivasiya verdiyini bildirib.
İmtahan prosesi ilə bağlı təəssüratlarını bölüşən Aysu Musalı deyib: “Suallar əsasən dərslikləri əhatə edirdi. Təbii ki, həyəcan var idi, lakin sualları diqqətlə təhlil edib doğru cavablar seçə bildim”.
Sertifikatlaşdırmanın müəllimlərin peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayan Aysu Musalı bildirib ki, bu proses müəllimləri daim öz üzərində işləməyə, yenilikləri izləməyə və biliklərini təkmilləşdirməyə təşviq edir. Onun sözlərinə görə, sertifikatlaşdırma həm də müəllimlərin güclü və inkişaf etdirilməli tərəflərini müəyyənləşdirməyə imkan yaradır.
Müsahibimiz bildirib ki, fəaliyyətini bundan sonra da eyni məsuliyyət və əzmlə davam etdirəcək, yeni tədris metodlarını mənimsəməyə və ixtisası üzrə biliklərini daha da inkişaf etdirməyə çalışacaq.
“Əsas məqsədim şagirdlərimin fənnə marağını artırmaq, onların yaradıcılıq potensialını və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməyə daha çox töhfə verməkdir”, - deyə Aysu Musalı vurğulayıb.
Müxbir - Nərmin Murad