İmtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edəcək qadın əməkdaşlar üçün təlimlər keçirilir
Bakı, 15 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) məsul əməkdaşları tərəfindən imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edəcək yeni cəlb olunmuş qadın əməkdaşlarla nəzəri və praktik təlimlər keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Bakı, Sumqayıt və Abşeron üzrə yanvarın 10-12-də keçirilən təlimlərdə ilk dəfə elektron qaydada qeydiyyatdan keçən və müsahibə mərhələsində uğur qazanan 185 nəfər iştirak edib. Hazırda digər şəhər və rayonlar üzrə təlimlərin keçirilməsi davam etdirilir.
Qeyd edək ki, yeni qeydiyyatdan keçmiş xanımlarla yanaşı, “Buraxılış rejimini aparan əməkdaş” elektron sistemində olan ölkə üzrə ümumilikdə 2407 nəfərin anket məlumatları dəqiqləşdirilib. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər əməkdaşlar üçün də təlimlər keçiriləcək.