İndoneziya əcnəbilər üçün sərhədlərin bağlı saxlanması müddətini daha iki həftə uzadıb
Tokio, 9 fevral, AZƏRTAC
İndoneziya hökuməti koronavirus pandemiyasına görə əcnəbilər üçün sərhədlərin bağlı saxlanması müddətini daha iki həftə müddətinə - fevralın 22-dək uzadıb.
AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar Narkotiklərə Nəzarət Agentliyinin koronavirusa qarşı Çinin “CoronaVac” peyvəndindən istifadə olunması barədə qərarından bir gün sonra qəbul edilib.
Bununla bağlı mətbuat konfransında məlumat verən COVID-19-a qarşı milli mübarizə qrupunun nümayəndəsi Viku Adisasmito deyib: “Prinsip etibarı ilə bütün əcnəbilərin İndoneziyaya gəlişinə qadağa davam edəcək”. Bu barədə qərar yalnız İndoneziya ilə daimi yaşayış barədə müqaviləyə malik olan ölkələrin vətəndaşlarına şamil edilməyəcək. Lakin həmin şəxslər də ölkəyə gəldikdən sonra beş gün müddətində karantində qalmalıdırlar. Bununla yanaşı qərarın rəsmi və ya diplomatik vizaya malik olan nazir və daha yuxarı vəzifəli məmurlara, həmçinin xarici ölkələrin rəhbərlərinə və onların ailə üzvlərinə şamil edilmədiyi qeyd edilir.
Xatırladaq ki, İndoneziya hökuməti koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün əcnəbilərin ölkəyə gəlişi barədə qadağanı ötən ilin dekabrından tətbiq edib.
İndoneziya hökuməti qarşıdakı bir ildə 270 milyonluq əhalinin 181,5 milyonunu peyvənd etmək barədə vəzifə qoyub. Bu məqsədlə Çinin “Sinovac Biotech” şirkətinin “CoronaVac” peyvəndindən istifadə nəzərdə tutulur.
Əlavə olaraq qeyd edək ki, fevralın 8-də İndoneziyada virusa 8242 yeni yoluxma halı qeydə alınıb və bununla da ölkə üzrə yoluxanların ümumi sayı 1 milyon 652 min 958 nəfərə çatıb. COVID-19 virusundan ölənlərin ümumi sayı isə 31 min 763 nəfərdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio