QAN YADDAŞI
İNDONEZİYA ELMLƏR İNSTİTUTUNDA XOCALI SOYQIRIMININ 16-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Azərbaycanın İndoneziyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 18-də İndoneziya Elmlər İnstitutunda (LİPİ) Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Elm və tədqiqat məsələləri ilə məşğul olan İndoneziya Elmlər İnstitutu hökumət təşkilatıdır və birbaşa ölkə prezidentinə tabedir.
Səfir İbrahim Hacıyev Ermənistanın hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, Azərbaycan rəhbərliyinin sülh səylərini, Ermənistan tərəfinin destruktiv mövqeyini qeyd etmişdir.
Diplomat Xocalı soyqırımı barədə geniş məlumat vermiş, onu bəşəriyyətə qarşı son dərəcə qəddarlıqla törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirmiş, erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsinin hər il Azərbaycanda və digər ölkələrdə ehtiramla yad edildiyini diqqətə çatdırmışdır.
İ.Hacıyev müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində uğurları, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi nailiyyətlər barədə məlumat vermiş, ölkəmizdə gedən demokratik proseslər, Azərbaycanın iqtisadi inkişafı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrdə respublikamızın aparıcı rolu, regionda və dünyada artan nüfuzu haqqında danışmışdır.
Azərbaycan diplomatı tədbir işitrakçılarının Azərbaycan haqqında suallarını cavablandırmışdır.
Səfirliyin ingilis və İndoneziya dillərində nəşr etdirdiyi “Ermənistan-Azərbaycan münaqişəsi” kitabı, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə lentə alınmış və münaqişədən bəhs edən sənədli filmin DVD variantı və Azərbaycan barədə digər materiallar tədbir iştirakçılarına paylanmışdır.