ELM VƏ TƏHSİL
İndoneziyalı professor AzMİU-da mühazirə oxuyub


Bakı, 2 oktyabr, AZƏRTAC
İndoneziyanın RİAU Universitetinin 2 professoru – Ari Sandhyavitri və Fajar Restuhadi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, professorlar öncə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin nəzdində Ekologiya kafedrasının əməkdaşları ilə görüşüblər. Görüşdə AzMİU ilə RİAU Universiteti arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qonaqlar qarşılıqlı faydalı münasibətin qurulması istiqamətində, eləcə də iqlim dəyişikliyi ilə bağlı birgə layihələrin işlənib hazırlanmasında maraqlı olduqlarını deyiblər.
Professor Ari Sandhyavitri ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə “Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı” mövzusunda mühazirə oxuyub, özünün bu sahədə apardığı elmi-tədqiqat layihələrindən bəhs edib.
Alimin hava dəyişikliyi texnologiyasından istifadə edərək meşə və torf ərazilərində baş verən yanğınlar zamanı karbon emissiyasının azaldılması layihəsi maraqla qarşılanıb.
Mühazirənin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.