ELM VƏ TƏHSİL
İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri - dəyirmi masa




Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Dövlət İmtahan Mərkəzində (DİM) “İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi məsələləri” mövzusunda dəyirmi masa keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Riyaziyyat fənnindən buraxılış imtahanlarının nəticələri” mövzusunda təqdimatla çıxış edərək, 2022-2023-cü tədris ili üzrə buraxılış imtahanlarının nəticələrinin müqayisəli təhlilini təqdim edib. Sonra o, informatika fənni üzrə bu il ilk dəfə keçiriləcək ali təhsil müəssisələrinə qəbul imtahanına hazırlıq işləri barədə ətraflı məlumat verib. İmtahanın məzmunu ilə bağlı materialların, yəni qəbul proqramı və imtahan modelinin hələ 2021-ci ildə DİM-in rəsmi saytında yerləşdirildiyini bildirib. Sədr qeyd edib ki, 2022-ci ildə “İnformatika” vəsaiti (Azərbaycan və rus dillərində) hazırlanıb və abituriyentlərin istifadəsinə verilib. Bu müddət ərzində “otk.az” portalında bir neçə dəfə onlayn və 2023-cü ilin fevral ayında isə kağız daşıyıcısı üzərində sınaq imtahanları keçirilib. Qəbul proqramı və imtahan modelinə dair tapşırıq nümunələri, imtahanda tələblərinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş alt standartlar və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları “Abituriyent” jurnalının birinci sayında dərc edilib.
M. Abbaszadə, həmçinin qeyd edib ki, DİM-də informatika fənnindən imtahanın məzmunu ilə bağlı materialların (yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası, tədris aparılan digər dillərə tərcüməsi) hazırlanmasında ekspert kimi iştirak etmək istəyənlərin 2021-ci ildən elektron qeydiyyatı yaradılıb. Hazırda 106 nəfər elektron qeydiyyatdan keçib. Qəbul imtahanında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursları təşkil edilib. İndiyədək iki hazırlıq kursu (iştirakçı sayı: 88 nəfər) keçirilib. Eyni zamanda, Elm və Təhsil Nazirliyindən informatika müəllimlərinin siyahısı (250 nəfər) alınıb. Həm elektron qeydiyyatdan keçənlər, həm hazırlıq kurslarının iştirakçıları, həm də nazirlikdən daxil olmuş siyahıdakı şəxslər üçün “Python” proqramlaşdırma dilindən və alqoritmlərlə bağlı imtahan təşkil edilib. İmtahanda iştirak etmiş 433 nəfərdən 22 nəfər yaxşı nəticə göstərib.
Sonra təqdimatla bağlı müzakirələr aparılıb. Müzakirədə informatika fənninin tədrisində bir çox problemlərin olduğu, bu sahədə ciddi tədbirlər görülməsinə böyük ehtiyac duyulduğu qeyd edilib.
Müzakirədə qeyd edilən məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Kamil Aydazadə, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, Azərbaycan Texniki Universitetin kafedra müdiri Vaqif Qasımov və başqaları çıxış edərək təkliflərini bildiriblər.