İNGİLTƏRƏ BAŞ NAZİRİNİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
Türkiyə Prezidenti Əhməd Necdət Sezər Baş nazir Toni Bleyeri Cankaya köşkündə qəbul etmişdir. Elə həmin gün İngiltərə və Türkiyə hökümət başçılarının görüşü keçirilmiş, heyətlərarası danışıqlar aparılmışdır.
Danışıqlardan sonra hökumət başçıları jurnalislər qarşısında bəyanatla çıxış etmiş, onların suallarına cavab vermişlər. Hər iki ölkənin hökümət başçısı səfərin əhəmiyyətini vurğulayaraq, danışıqlar zamanı İraq və Əfqanıstanda vəziyyət, Kipr problemi, Türkiyə və Avropa Birliyi münasibətləri, iyun ayında İstanbulda keçiriləcək NATO-nun zirvə görüşü, tərəfləri maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər haqqında səmərəli fikir mübadiləsi apardıqlarını bildirmişdir. Jurnalistlərin suallarına cavab verən Toni Bleyer ölkəsinin Türkiyənin Avropa Birliyinə üzv olmasını istədiyini və bu mövqeyini həmişə təkrarladığını söyləmişdir. O, referendumda BMT-nin baş katibi Kofi Annanın planına müsbət münasibət bildirən Kipr türklərinə qarşı iqtisadi sanksiyaların ləğvi üçün İngiltərənin əməli fəaliyyət göstərdiyini vurğulamışdır.
Baş nazir Rəcəb Tayyib Ərdoğan beynəlxalq terrorizmə qarşı mübarizədə bütün sülhsevər qüvvələrin səfərbər olmasının labüdlüyünü söyləmiş, Türkiyənin İraqa silahlı qüvvələr göndərmək planının gündəliyə gətirilmədiyini, qonşu ölkəyə yalnız humanitar və iqtisadi kömək göstərildiyini və bunun davam etdiriləcəyini bildirmişdir.
Mayın 17-də İstanbulda və Ankarada bəzi həmkarlar ittifaqlarının və ictimai təşkilatların üzvləri İngiltərə Baş nazirinin Türkiyəyə səfərinə qarşı etiraz mitinqləri keçirmişlər. Mitinqlərin iştirakçıları koalisiya qüvvələri əsgərlərinin İraq həbsxanalarında məhbuslara qarşı işgəncələrini pisləmişlər. Xatırladaq ki, Toni Bleyerın səfəri ərəfəsində Ankara və İstanbuldakı “HSBC” İngilis bankının şöbələri önündə partlayışlar törədilmişdir. Ölkənin hüquq mühafizə orqanları təxribat xarakteri daşıyan bu aktlarla əlaqədar geniş araşdırma aparırlar.