İngiltərə Premyer Liqası: “Liverpul” növbəti dəfə böyük hesabla qələbə qazanıb
Bakı, 18 mart, AZƏRTAC
İngiltərə Premyer Liqasının 31-ci turunda “Liverpul” öz meydanında “Vatford” klubunu böyük hesabla məğlub edib.
AZƏRTAC xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar -5:0.
Oyunun 4-ci dəqiqəsində Məhəmməd Salah erkən qolla hesabı açıb - 1:0. Fasiləyə iki dəqiqə qalmış Məhəmməd Salah dublin rəsmiləşdirib - 2:0.
Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən dərhal sonra - 49-cı dəqiqədə Məhəmməd Salahın ötürməsindən məharətlə yararlanan Roberto Firminyo fərqlənib - 3:0.
Matçın 77-ci dəqiqəsində Məhəmməd Salah özünün üçüncü komandasının dördüncü topunu rəqib komandanın qapısından keçirib - 4:0.
Qarşılaşmanın başa çatmasına 5 dəqiqə qalmış oyunun son nöqtəsini yenə də Məhəmməd Salah qoyub. "Poker" edən misirli hücumçu cari mövsümdə 28-ci qoluna imza atıb.
Yurgen Klopun yetirmələri bu qələbədən sonra 63 xalla turnir cədvəlində üçüncü yerini möhkəmlədib. Turnir cədvəlinə 81 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 65 xalla ikincidir.
Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
"Bormut" - "Vest Bronvic" - 2:1
"Hadersfild" - "Kristal Palas" - 0:2
"Stok Siti" - "Everton" - 1:2