İnnovasiyanın tətbiqi: Vətəndaşın sənəd alması üçün vaxt sərf etməsinə ehtiyac yoxdur - RƏY
Bakı, 7 dekabr, AZƏRTAC
Hazırda innovasiyanın tətbiqinə görə vətəndaşların digər orqanlara müraciət etmələri, hər hansı sənədin əldə edilməsi üçün vaxt sərf etmələrinə ehtiyac qalmayıb. Notariat ofislərində bütün məlumatların əldə olunması elektron sorğular (qarşılıqlı inteqrasiya) əsasında həyata keçirilir.
Bu barədə notariat fəaliyyətində tətbiq olunan innovasiyaları AZƏRTAC-a şərh edən 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Əmirəli Əmirəliyev deyib.

Ə.Əmirəliyev bu məsələ haqqında danışaraq bildirib ki, vətəndaşlara notariat xidmətlərinə əlçatanlığın daha da artırılması, o cümlədən vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildə “Mobil notariat” tətbiqi istifadəyə verilib. Habelə onun vasitəsilə bəzi notariat hərəkətlərinin bilavasitə notariat ofisinə müraciət etmədən məsafədən rəsmiləşdirilməsi təşkil edilib.
“Mobil notariat” tətbiqi vasitəsilə gündəlik elektron qaydada 1500-dən çox notariat hərəkətləri rəsmiləşdirilir
İstifadəçilərinin sayı 700 mindən çox olan həmin tətbiq vasitəsilə gündəlik elektron qaydada 1500-dən artıq notariat hərəkətləri rəsmiləşdirilir. Tətbiq hazırda bütün satış platformalarında ən populyar tətbiqlər sırasındadır. Bunun üçün mobil cihazlara “AppStore” və ya “Google Play” satış platformalarından “Mobil notariat” adlı tətbiq yüklənilə bilər. Azərbaycan Respublikasının vətəndaşları, eləcə də ölkəmizdə daimi və ya müvəqqəti yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər 24/7 rejimində olduqları yerdən asılı olmayaraq tətbiqin xidmətlərindən yararlana bilirlər.
İstifadəçilər nəqliyyat vasitələrinin idarə edilməsinə və sərəncam verilməsinə, banklarda və müxtəlif qurumlarda təmsilçilik üçün, vərəsəlik işləri ilə bağlı, vəkillərə təqdim olunan, sosial, daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün, ümumvətəndaşlıq pasportu almasına dair valideynlərinin yazdıqları razılıqlara dair ərizələri elektron qaydada rəsmiləşdirə bilərlər. Eyni zamanda onların etibarnamələrə xitam verilməsi və yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq, daşınmaz əmlaka sərəncam verilməsinə, əvvəl verilmiş ərizədən imtinaya, təhsil tələbə kreditinin verilməsinə dair ərizələri də elektron qaydada rəsmiləşdirməsi mümkündür.

Notariuslar elektron müraciətləri ən gec 5-10 dəqiqə ərzində təsdiqləyir
Bu sənədləri telefon vasitəsi ilə aidiyyəti üzrə təqdim və ya nümayiş etdirmək, habelə kağız daşıyıcıya çap edərək istifadə etmək olar. Notariuslar elektron müraciətləri qanunvericiliyə əsasən müraciət edənin iradəsini əks etdirən video və audio materiallar əsasında ən gec 5-10 dəqiqə ərzində təsdiq edir. Bu barədə vətəndaşın mobil kabinetinə dərhal bildiriş göndərilir.
Ə.Əmirəliyev qeyd edib ki, bu tətbiq vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR kod və barkod əsasında yoxlanılması da mümkündür: “Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın əldə edilməsi də göstərilən xidmətlər sırasındadır. Eləcə də şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil cihazda saxlanılması, sənədin qüvvədən düşməsi barədə məlumatın dərhal alınması və elektron versiyasından istifadəsi mümkündür”.
Tətbiq vasitəsilə, eləcə də respublikada fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar haqqında məlumat əldə etmək, eləcə də onların 360 dərəcə görüntüsünü nəzərdən keçirtmək olar. Habelə burada notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumat yerləşdirilib.

“ƏN TEZ” innovativ platformasından Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadə etmək olar
Notarius elektron xidmətlərdə yeniliklərdən danışarkən onu da xatırladıb ki, bir müddət əvvəl növbəti rəqəmsal innovasiya olan və ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılaraq istifadəyə verilib. Həmin innovativ xidmət məkanı ilk olaraq respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzində əhalinin daha həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə geniş ictimai təqdimatı keçirilməklə fəaliyyətə başlayıb.

“Dövlət xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğu doğuran innovativ yanaşmanın tətbiqinə artan ictimai maraq nəzərə alınaraq, “ƏN TEZ” innovativ platforması Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib. Bu platforma vasitəsilə səyahət etmək arzusunda olan vətəndaşlara vaxta qənaət edərək, aeroportun binasını tərk etmədən heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə və sürətli şəkildə təxirə salınmayan zəruri ədliyyə xidmətlərindən yararlanmaq imkanı yaradılıb.

Vətəndaşlar yetkinlik yaşına çatmayan şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin notariat qaydasında rəsmiləşdirilməsi, habelə məhkəmə qərarına əsasən borclu şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aşkarlandığı halda borcun terminal üzərindən ödənilərək həmin məhdudiyyətin avtomatlaşdırılmış qaydada dərhal aradan qaldırılması ilə bağlı əvvəl təqdim edilmiş xidmətlərlə yanaşı digər notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və sair xidmətlərdən faydalana biləcəklər”, - deyə Ə.Əmirəliyev əlavə edib.
Notarius həmçinin söyləyib ki, “Mobil notariat” tətbiqi vasitəsilə göstərilən xidmətlərin dairəsi genişləndirilərək ilk dəfə ikitərəfli müqavilələrin rəsmiləşdirilməsi imkanı da yaradılıb. İstifadəçilər artıq tətbiq üzərindən yaşayış sahəsinin müvəqqəti istifadəyə verilməsinə dair müqaviləni (kirayə müqaviləsi) olduqları yerdən asılı olmayaraq elektron qaydada rəsmiləşdirə biləcəklər.
