CƏMİYYƏT
İnstaqram istifadəçilərinin pullarını ələ keçirən şəxs saxlanılıb
Bakı, 14 mart, AZƏRTAC
İnstaqramda dələduzluq edərək sosial şəbəkə istifadəçilərinin pullarını ələ keçirən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, instaqram sosial şəbəkəsində vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan və pullarını ələ keçirən şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı axtarışda olan Firuddin Həsənov tutulub. Onun instaqramda açıq səhifələrə daxil olaraq həmin şəxsin dostluğunda olanlarla əlaqə yaratdığı, daha sonra özünü profilin sahibi kimi qələmə verərək müxtəlif məbləğlərdə borc pul istədiyi müəyyən edilib. Firuddin Həsənov zərərçəkənlərdən pul vəsaitlərinin karta köçürülməsini istəyib. Həmin vəsaitləri əldə edəndən sonra isə Firuddin Həsənov zərərçəkənlərin əlaqə yaratmaması üçün onların mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb. Saxlanılan şəxs dələduzluq edən zaman zərərçəkənlərlə əsasən 055-460-50-04 və 070-827-50-50 mobil nömrəsi ilə əlaqə saxlayıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Firuddin Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.