İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLMİŞDİR
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov demişdir ki, ölkə başçısının “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə bütün dövlət strukturlarına, o cümlədən qanunvericilik orqanına müxtəlif tədbirlərin həyata keçirilməsi tapşırılıb. Ölkədə sosial-iqtisadi inkişafa nail olmağın bir yolu da işlək qanunların hazırlanmasıdır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik də məhz bu qəbildəndir. Prezident İlham Əliyevin imzası ilə parlamentə göndərilmiş layihədə Məcəllənin 204.1-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur. Maddədə deyilir ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanmasına görə xəzinədarlıq orqanlarının və büdcə təşkilatlarının vəzifəli şəxsləri şərti maliyyə vahidinin 40 mislindən 90 mislinədək cərimə edilirlər.
Bu maddədə nəzərdə tutulmuş məsuliyyət şərti maliyyə vahidi məbləğinin 300 mislindən çox olan miqdarda törədildikdə yaranır. Qanunun qüvvədə olan variantında isə məsuliyyət şərti maliyyə vahidinin 1500 mislindən çox olduqda yaranır.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunmuşdur.
X X X
Fasilədən sonra iclasda “Minimum yaşayış səviyyəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilmişdir. Deputatlar qanun layihəsinin ayrı–ayrı müddəalarına öz münasibətlərini, irad və təkliflərini bildirmişlər. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilmişdir.
Sonra Milli Məclis “Milli təhlükəsizlik haqqında” qanun layihəsini müzakirə etmişdir. Bu barədə deputatlara Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov məlumat verdi. Geniş müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunmuşdur.