İordaniya və Əlcəzair mətbuatında Xocalı soyqırımı barədə məqalə dərc olunub
Qahirə, 20 fevral, AZƏRTAC
İordaniyanın və Əlcəzairin “Əl Ənbat” və “Nəbd Əl Balad” qəzetlərində, həmçinin “Cohina”, “Şaab” portallarında “Xocalıya ədalət və İslam əməkdaşlığı” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi, rus mənşəli iordaniyalı jurnalist Yelena Neduqina İslam Əməkdaşlıq Təşkilatının (İƏT), o cümlədən müsəlman ölkələrinin daim Azərbaycanın suveren hüquqlarını müdafiə etdiklərini diqqətə çatdırıb. O əlavə edib ki, məhz İƏT-in nəzdində yaradılmış İslam Konfransı Gənclər Forumu XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının tanıdılması istiqamətində mühüm addımlar atıb. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində genişmiqyaslı və davamlı tədbirlər keçirilib.
Məqalədə İƏT-in müxtəlif səviyyələrdə təşkil olunmuş mötəbər tədbirlərində Xocalı soyqırımını sərt şəkildə qınayan sənədlərin qəbul olunduğu, bir sıra İslam ölkələrinin parlamentlərində də müvafiq qərarların qəbul edildiyi diqqətə çatdırılır. Müəllif yazır ki, İordaniya Senatının 2013-cü il iyulun 3-də qəbul etdiyi qətnamədə Xocalı qırğını pislənilib. Həmçinin Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində iordaniyalı senatorların Azərbaycana səfəri zamanı bu ağır cinayət və ermənilərin Azərbaycan ərazilərində İslam abidələrini, məscidləri dağıtması bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib.
Sonda ərəbdilli oxuculara “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə