İordaniyanın “Əl-Həyat” qəzetində Xocalı faciəsi ilə bağlı geniş məqalə dərc edilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar İordaniyanın “Əl-Həyat” qəzetində geniş məqaləsi dərc olunmuşdur.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışan diplomat ermənilərin hələ keçən əsrin birinci yarısında - 1905-ci, 1907-ci, 1918-ci, 1948-ci, habelə 1953-cü illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamlar və etnik təmizləmə siyasətindən söz açmışdır.
Yazıda, həmçinin sovetlər birliyinin süqutundan sonra Ermənistanın Azərbaycana hərbi təcavüzündən bəhs edilmiş, torpaqlarımızın işğalı nəticəsində dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər qətiyyətlə pislənmişdir.
BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzün dərhal dayandırılmasını, işğal edilmiş Azərbaycan torpaqlarından işğalçı qoşunlarının çıxarılmasını tələb edən dörd qətnaməsinin hələ də icra olunmaması yazıda beynəlxalq ədalətsizliyin təcəssümü kimi qiymətləndirilmişdir.
Xocalı faciəsi haqqında yazan müəllif oxucuların diqqətini əsasən, 1990-cı illərin əvvəllərində Sovet İttifaqının süqutundan sonra yaranmış ağır vəziyyətdən yararlanan Ermənistan hakimiyyətinin xarici havadarlarının maddi və mənəvi dəstəyi ilə qonşu Azərbaycana qarşı apardığı təcavüzə cəlb etmişdir. Məqalədə məqsədlərinə nail olmaq üçün hətta dinc azərbaycanlılara qarşı kütləvi qırğını həyata keçirən Ermənistan hakimiyyətinin bu vəhşiliklərini bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırmışdır.
Ötən ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İndoneziyada keçirilmiş VII toplantısında Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi tanıyan qətnamənin əhəmiyyətindən danışan Sabir Ağabəyov bu barədə oxuculara ətraflı məlumat vermişdir. O, Pakistan Senatının xarici əlaqələr komitəsinin Xocalı qətliamını Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanıdığını yüksək qiymətləndirərək digər müsəlman ölkələrinin də bu faciəyə münasibət bildirmələrinin vacibliyini vurğulamışdır.
Məqalənin sonunda səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində dəstəklədiyinə görə İordaniya rəhbərliyinə və hökumətinə Azərbaycan adından minnətdarlığını bildirmişdir.