SİYASƏT
İqlim məsələlərinin həllinə elmi cəhətdən əsaslandırılmış şəkildə yanaşılmalıdır ŞƏRH
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə keçirməsi ölkəmizin beynəlxalq tədbirlərdə təşkilatçılıq bacarığını bir daha təsdiqlədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru Elşad Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bütün xarici təsirlərə, təzyiqlərə baxmayaraq, bu tədbiri yüksək səviyyədə keçirməsi, o cümlədən yaşıl enerji, iqlim gündəliyi ilə bağlı milli maraqlara söykənən yanaşmanı nümayiş etdirməsi xüsusilə qeyd olunmalıdır.
İqtisadçı ekspert, həmçinin bildirib ki, iqlim məsələlərinin həllinə, o cümlədən ətraf mühitin qorunmasına elmi cəhətdən əsaslandırılmış şəkildə yanaşaraq, alternativ enerji generasiyasının inkişafını təmin etmək olar. Bundan başqa, iqlim dəyişikliyi ilə mübarizədə sosial məsələlər də prioritetdə olmalıdır. “Azərbaycanda son illər həyata keçirilən sosialyönümlü siyasət onu deməyə əsas verir ki, dövlətimizin milli maraqlara, əhalinin geniş kateqoriyalarının sosial dəstəyinə istiqamətlənən idarəetmə yanaşması var. Sosial müdafiə və sosial siyasət istiqamətində insan amilinin ön planda olması effektiv idarəetmənin reallaşdırılmasına zəmin yaradır. Bu yanaşma bizim iqtisadiyyatımızın rəqabət qabiliyyətini gücləndirməlidir. Düşünürəm ki, Azərbaycanda tətbiq olunan bu effektiv sosialyönümlü idarəetmə siyasəti ardıcıl şəkildə davam etdirilməlidir. Bununla ölkəmizin müxtəlif istiqamətlər üzrə imkanları daha da möhkəmlənəcək”, - deyə o qeyd edib.