İrakli Xodeli: Rəqəmsal mühitdə texnologiyaları tənzimləyən tərəflərin məsuliyyəti müəyyənləşdirilməlidir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Süni intellekt texnologiyalarının inkişafı yalnız texnoloji tərəqqiyə deyil, həm də insanlar arasında qarşılıqlı anlaşmanın, ədalətin və sosial həmrəyliyin gücləndirilməsinə xidmət etməlidir. Bu baxımdan, rəqəmsal mühitdə mədəniyyətlərarası səriştələrin inkişafı ilə yanaşı, texnologiyaları tənzimləyən tərəflərin məsuliyyəti də mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Mədəniyyətlərarası rəqəmsal gələcək” mövzusunda keçirilən plenar iclasda UNESCO-nun Sosial Transformasiyaların İdarə Edilməsi Proqramının rəhbəri İrakli Xodeli səsləndirib.
O bildirib ki, rəqəmsal platformalar qütbləşmə yaradırsa və ya tərcümə alətləri mənanı təhrif edirsə, məsuliyyət yalnız istifadəçilərin üzərinə düşməməlidir: “Rəqəmsal səriştələrin praktiki tətbiqi üçün əlverişli mühit vacibdir. UNESCO-nun Süni İntellektin Etikasına dair Tövsiyəsi süni intellekt sistemlərinin bütün mərhələlərində tədqiqatçıların, mühəndislərin və təşkilatların məsuliyyətini müəyyənləşdirir. Əsas məqsəd texnoloji imkanları genişləndirməklə yanaşı, daha ədalətli, inklüziv və qarşılıqlı hörmətə əsaslanan rəqəmsal cəmiyyət formalaşdırmaq olmalıdır”.